pCloud adlı tədqiqat şirkəti smartfonların çalışma müddətlərinə ən çox təsir göstərən tətbiqlərin reytinqini tərtib edib. Reytinqə daxil edilmiş tətbiqlərdən hər birinin qiymətləndirilməsində 3 kriteriyadan istifadə edilib: Proqram təminatının, smartfonun resurslarından istifadəsi, smartfonun ümumi enerji sərfiyyatı və tətbiqdə Dark Mode rejiminin olub-olmaması. Beləliklə keçirilmiş testdə rəsmi online mağazalardakı 100 məşhur tətbiq iştirak edib. Daha dəqiq test nəticələrinin əldə edilməsi üçün tətbiqlər müxtəlif smartfonlara quraşdırılıb. Aparılmış test nəticələrinə əsasən eyni səviyyədə enerji sərfiyyatına sahib 2 tətbiq antireytinqin lideri olub. Söhbət, Fitbit və Verizon tətbiqlərindən gedir. Sözügedən tətbiqlər smartfon resurslarından istifadə məsələsində təqdim olunan 16 bənddən 14-nü fon rejimində istifadə edə bilirlər.
Onların arasında kameradan istifadə, cihazın yerləşdiyi yeri təyin etmə, mikrofondan və Wi-Fi şəbəkəsindən istifadə etmə var. Bu 4 bənd isə ən çox enerji sərfiyyatına sahib olanlardır. Bu səbəbdən də Fitbit ilə Verizon ən çox enerji sərfiyyatına sahib tətbiqlər reytinqində ilk pillələri əldə ediblər. Sözügedən antireytinqə həmçinin Facebook, Instagram, Snapchat, Skype və Whatsapp tətbiqləri də daxil olublar. Bu tətbiqlər ümumilikdə smartfon resurslarından istifadə məsələsində 11 bənddən istifadə edə bilirlər. Onların arasında smartfonun Gallery bölməsinə giriş, mikrofondan, GPS-dən və Wi-Fi şəbəkəsindən istifadə var. Bundan əlavə olaraq bu tətbiqlər smartfon enerjisini aktiv şəkildə fon rejimində də sərf edirlər. Smartfonun çalışma müddətinə tanışlıq üçün nəzərdə tutulmuş servislər də ciddi şəkildə təsir göstərirlər.